Tural Qəlbinur Paşa Qəlbinurun 3 övladından biridir. O, Bakıda doğulub, Bakı Özəl Türk Liseyində təhsil alıb və 1995-ci ildə 286 nömrəli məktəbi ekstern yolu ilə bitirib. Elə həmin ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub. O, 13 yaşında universitet tələbəsi olan nadir gənclərdən biridir. T.Qəlbinur 2001-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.
2001-2005-ci illərdə İstanbulun SSK Vakif Gureba tədris xəstəxanasının göz xəstəlikləri kafedrasında göz xəstəlikləri ixtisası üzrə böyük təcrübə keçib. 2006-2008-ci illərdə İsraildə, Hadassah-Hebrev Universitetinin vitreoretinal cərrahiyyə şöbəsində medikal və cərrahi vitreoretinal üst ixtisasını bitirib. 2009-cu ildə isə böyük rəqabətlə Kanadanın Toronto Universitetinin göz xəstəlikləri kafedrasına qəbul edilərək, vitreoretinal cərrahiyyə üst ixtisasını davam etdirib, 2010-cu ildə universitetin məzunu olub.
Tural 2004-cü ildə atasının elmi rəhbərliyi altında “Neovaskulyar qlaukomalı xəstələrin yeni kompleks müalicə üsulu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Gənc alim 5 dil bilir (onların sırasında İvrit dili də var), oftalmologiyada çox sayda nadir ağır cərrahiyyə əməliyyatları həyata keçirib. O, dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq elmi konfranslara dəvət olunur. Məqalələri maraqla qarşılanır. Azərbaycanda gözdibi xəstəliklərinin dərin bilicisi kimi daha çox onun adı hallanır. Tural Qəlbinur bir müddət Moskvada, S.Fedorov adına çoxsahəli tibb mərkəzində çalışıb.
Hazırda Respublika Diaqnostika Mərkəzinin Oftolmoloji klinikasında həkim-oftalmoloq kimi çalışır.
© 2024. Bütün müəllif hüquqları qorunur.